ASAN xidmət - Milli arxiv fondu haqqında Azərbaycan Respublikasinin Qanunu

Milli arxiv fondu haqqında Azərbaycan Respublikasinin Qanunu

Milli arxiv fondu haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


Bu Qanun Azərbaycan Respublikasında Milli arxiv fondunun formalaşdırılması, mühafizəsi, istifadəsi və arxivlərin fəaliyyəti ilə bağlı münasibətləri tənzimləyir.

I fəsil

ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Əsas anlayışlar

Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

arxiv - arxiv sənədlərinin məcmusu, onların komplektləşdirilməsini, uçotunu, mühafizəsini və istifadəsini həyata keçirən arxiv təşkilatları və ya idarələrin, müəssisələrin struktur bölmələri;

Milli arxiv fondu - növündən, yarandığı və saxlandığı yerdən və mülkiyyət formasından asılı olmayaraq, xalqın maddi və mənəvi həyatını əks etdirən, tarixi, elmi, iqtisadi, siyasi, sosial və mədəni dəyəri olan, Azərbaycan xalqının mədəni irsinin ayrılmaz hissəsi hesab edilən sənədlərin məcmusu;

arxiv fondu - tarixi və məntiqi baxımdan bir-biri ilə bağlı olan arxiv sənədlərinin məcmusu;

arxiv işi - arxivlərin komplektləşdirilməsi, mühafizəsi, uçotu və arxiv xidmətinin təşkili;

arxiv sənədi - mühafizə edilən və ya edilməli olan, informasiya daşıyıcısının növündən asılı olmayaraq dövlət, cəmiyyət və ya öz mülkiyyətçisi üçün tarixi, elmi, mədəni əhəmiyyət kəsb edən sənəd;

dövlət arxivi - arxiv işini həyata keçirən dövlət müəssisəsi;

arxiv sənədlərinin müvəqqəti mühafizəsi - dövlət və yerli özünüidarə orqanları, dövlət idarə, müəssisə və təşkilatları tərəfindən arxiv sənədlərinin bu Qanunda nəzərdə tutulmuş müddətdə mühafizəsi;

arxiv sənədlərinin daimi mühafizəsi - həmin sənədlərin arxivdə, muzeydə və kitabxanada müddətsiz mühafizəsi;

sənəd abidəsi - müəyyənləşdirilmiş qaydada sənəd abidəsi kateqoriyasına aid edilmiş nadir və ya xüsusi tarixi-mədəni dəyəri olan arxiv sənədi;

arxiv sənədlərinin mülkiyyətçisi - arxiv sənədləri üzərində sahiblik, istifadə və sərəncam hüququna malik olan subyekt;

arxiv sənədlərinin sahibi - arxiv sənədlərinə sahiblik və istifadə hüququnu tam həcmdə, onlar üzərində sərəncamı qanunvericilikdə müəyyən olunmuş həddə həyata keçirən subyekt.

Maddə 2. Milli arxiv fondu haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Milli arxiv fondu haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu qanundan, Azərbaycan Respublikasının digər müvafiq qanunvericilik aktlarından və tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir

Bu Qanunla Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq olunur.

Maddə 3. Arxiv işi sahəsində dövlətin vəzifələri

Arxiv işi sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

arxiv işi sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi;

arxiv işinin təşkilinin vahid prinsiplərinin müəyyən olunması;

arxiv fondu sənədlərinin komplektləşdirilməsi, uçotu, mühafizəsi və onlardan istifadə qaydalarına əməl olunmasına nəzarət;

arxivlərin qorunmasına və inkişafına dövlət təminatı, arxiv kadrlarının hazırlanması;

arxiv fondlarının və dövlət arxiv sənədlərinin komplektləşdirilməsi, uçotu, mühafizəsi, istifadəsi və bu sənədlərlə bağlı mülkiyyət məsələlərinin tənzimlənməsi;

arxivlərin maddi-texniki bazasının möhkəmləndirilməsi;

arxiv fondu sənədlərinin Azərbaycan Respublikasından müvəqqəti olaraq xaricə aparılması ilə əlaqədar məsələlərin tənzimlənməsi;

xarici ölkələrin arxivlərində saxlanılan, Azərbaycanın tarixinə və mədəniyyətinə aid olan, xalqın maddi və mənəvi həyatını əks etdirən sənədlərin (onların surətlərinin) Azərbaycan Respublikası dövlət arxivlərinə gətirilməsi, uçotu və mühafizəsinə nəzarət.

II fəsil

MİLLİ ARXİV FONDUNUN TƏRKİBİ VƏ TƏŞKİLİ

Maddə 4. Milli arxiv fondu və onun tərkibi

Yaranma mənbəyindən, mühafizə yerindən və mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikasındakı arxiv sənədləri Milli arxiv fonduna daxil edilir.

Dövlət mülkiyyətində olan arxiv fondları və arxiv sənədləri Milli arxiv fondunun dövlətə məxsus hissəsini təşkil edir.

Dövlət mülkiyyətində olmayan arxiv fondları və arxiv sənədləri Milli arxiv fondunun qeyri-dövlət hissəsini təşkil edir.

Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən əsasnamə ilə müəyyən edilir.

Maddə 5. Milli arxiv fonduna daxil edilən sənədlərin təsnifatı

Milli arxiv fonduna aşağıdakı sənədlər daxil edilir:

Azərbaycan Respublikasının qanunvericilik aktları, idarəetmə sənədləri, məhkəmə və prokurorluq orqanlarının sənədləri;

statistika, elmi, texnologiya, geologiya, normativ-texniki, layihə, konstruktor, patent, kartoqrafiya sənədləri və digər sənədlər;

kino, foto, fono (səs yazıları), video materialları, dizayn işləmələri və memarlıq layihələri;

əlyazmaları, xüsusi əhəmiyyətə malik kitablar və kitabçalar, dövri mətbuat materialları;

sənət əsərləri, elmi, ədəbi və musiqi əsərləri;

partiya, ictimai və qeyri-dövlət təşkilatların sənədləri;

gündəliklər, memuarlar, məktublar və şəxsi xarakterli digər sənədlər.

Maddə 6. Arxivlərin yaradılması və Milli arxiv fondunun formalaşdırılma mənbələri

Azərbaycan Respublikasında dövlət, ictimai, dini və digər təşkilatlar, vətəndaşlar qanunvericilikdə müəyyən olunmuş qaydada arxiv yaratmaq hüququna malikdirlər.

Milli arxiv fondu:

qanunvericilik və icra hakimiyyəti orqanlarının;

məhkəmə orqanlarının;

prokurorluqların;

hərbi hissələrin və birləşmələrin, hərbi təhsil müəssisələrinin;[1]

yerli özünüidarəetmə orqanlarının;

sənaye, tikinti, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələri üzrə idarə, müəssisə və təşkilatların;

elm, mədəniyyət, səhiyyə, təhsil və idman müəssisələrinin;

kütləvi informasiya vasitələrinin və nəşriyyatların;

qanunvericilikdə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasında fəaliyyət göstərən birgə müəssisələrin, ictimai birliklərin, siyasi partiyaların və dini təşkilatların;

qeyri-dövlət idarə, müəssisə və təşkilatların;

Azərbaycan Respublikasının xarici ölkələrdəki və beynəlxalq təşkilatlardakı diplomatik nümayəndəliklərinin, digər idarə, müəssisə və təşkilatlarının;

Azərbaycan Respublikası vətəndaşlarının arxiv sənədləri ilə komplektləşdirilir.

Dövlət arxiv fondu hüquqi və fiziki şəxslərdən bağışlama, vərəsəlik və qiymətli sənədlərin satın alınması yolu ilə də formalaşdırıla bilər.

Azərbaycan Respublikasından kənarda yerləşən Azərbaycana aid tarixi və mədəni irslə bağlı sənədlərin və ya onların surətlərinin ölkəyə qaytarılması və ya alınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikasının keçmiş Prezidentinin rəsmi yazışma sənədlərinin surətlərindən ibarət arxiv keçmiş Prezidentin sərəncamında saxlanılır.

Maddə 7. Arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi və bu tərkibdən çıxarılması qaydası

Arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi və bu tərkibdən çıxarılması və ya məhv edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sənədlərin Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan, sənədlərin xüsusi tarixi-mədəni dəyərini müəyyən edən, arxiv işçilərindən və müvafiq sahə mütəxəssislərindən ibarət olan ekspert komissiyası tərəfindən həyata keçirilir.

Milli arxiv fondunun xüsusi tarixi-mədəni dəyəri olan arxiv sənədləri və sənəd kolleksiyaları nadir sənəd abidələri hesab olunur.

Muzeylərin və kitabxanaların, ictimai, dini birlik və təşkilatların arxivlərinin dövlət arxiv fondunun sənədləri ilə komplektləşdirilməsi qadağandır.

Milli arxiv fondu sənədlərinin dəyərinin ekspertizası keçirilmədikdə və ya ekspertizanın aparılma qaydaları pozulduqda sənədlərin məhv edilməsi dayandırılır.

Maddə 8. Dövlət arxiv fondunun xüsusi hissəsi

Azərbaycan SSR-də fəaliyyət göstərmiş mərkəzi və yerli təhlükəsizlik, digər xüsusi xidmət və daxili işlər orqanlarının, Azərbaycan Kommunist Partiyasının və idarəetmə orqanlarının 1-ci şöbələrinin arxivləri dövlət arxiv fondunun xüsusi hissəsini təşkil edir.

Dövlət arxiv fondunun xüsusi hissəsinin mühafizəsi, öyrənilməsi və istifadəsi qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən müəyyən edilir.

Azərbaycan Respublikasının milli təhlükəsizlik, sərhəd xidməti, miqrasiya xidməti, penitensiar xidmət, xarici işlər, daxili işlər, fövqəladə hallar və müdafiə sahəsində fəaliyyət göstərən dövlət orqanlarının arxiv fondlarının mühafizəsi həmin orqanların özləri tərəfindən həyata keçirilir. [2]

Maddə 9. Arxiv fondlarının sənədləri üzərində mülkiyyət

Dövlət arxiv fondunun sənədləri dövlət mülkiyyətinin obyekti kimi mühafizə olunur.

Dövlət arxiv fondunun sənədləri alqı-satqı, yaxud mülkiyyət formasının dəyişdirilməsini nəzərdə tutan müqavilələrin obyekti ola bilməz və yalnız qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə verilə bilər.

Mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikasında qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların sənəd fondları həmin təşkilatların mülkiyyətidir.

Fiziki şəxslərin sənəd fondları onların şəxsi mülkiyyətidir.

Mülkiyyət formasından asılı olmayaraq, arxiv sənədlərinin mülkiyyətçilərinin hüquqlarına dövlət təminat verir.

Dövlət orqanları tərəfindən arxiv sənədlərinin götürülməsi və ya müsadirə olunması qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir.

III fəsil

MİLLİ ARXİV FONDU SƏNƏDLƏRİNİN UÇOTU VƏ MÜHAFİZƏSİ

Maddə 10. Milli arxiv fondu sənədlərinin mühafizəsinin təminatı

Bu Qanunun 7-ci maddəsinin ikinci hissəsində göstərilən arxiv sənədləri istisna olmaqla, Milli arxiv fondunun tərkibinə daxil olan arxiv sənədləri daimi mühafizə məqsədi ilə dövlət arxivlərinə verilənə qədər dövlət idarə, müəssisə və təşkilatlarında yaradılan arxivlərdə müvəqqəti mühafizə olunur.

Milli arxiv fondu sənədlərinin idarə arxivlərində müvəqqəti mühafizə müddətləri aşağıdakı kimidir:

respublika dövlət hakimiyyət orqanlarının sənədləri üçün - 15 il;

rayon və şəhər hakimiyyət orqanlarının sənədləri üçün - 5 il;

yerli özünüidarəetmə orqanlarının sənədləri üçün - 5 il;

elmi-texniki sənədlər üçün - 15 ildən artıq olmamaq şərtilə, praktiki əhəmiyyətini saxladığı müddətə;

kino, foto, fono sənədlər və videoyazılar üçün - 3 il;

vətəndaşlıq vəziyyəti aktları, notarial fəaliyyət, məhkəmə işləri və şəxsi heyət barədə sənədlər üçün - 75 il.

Göstərilən müddətlər sənədlərin yarandığı vaxtdan hesablanır.

Ləğv edilmiş dövlət idarə, müəssisə və təşkilatlarının varisi olmadıqda onların arxiv fondları qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət arxiv fonduna verilir.

Geodeziya və xəritəçəkmə, geologiya və mineral ehtiyatlar, ekologiya və təbiətdən istifadəyə nəzarət, standartlaşdırma, metrologiya və hidrometerologiya üzrə dövlət orqanlarının və Azərbaycan Elmlər Akademiyasının arxiv sənədləri müvafiq icra hakimiyyəti orqanlarının icazəsi ilə həmin təşkilatlarda daimi mühafizə olunur.

Dövlət mülkiyyətində olan arxiv fondunun sənədləri, dövlət arxivlərinin və onların filiallarının, rayon və şəhər arxivlərinin binaları, onların yerləşdiyi torpaq sahələri və avadanlıqlar özəlləşdirilə bilməz.

Qeyri-dövlət arxiv fondunun mülkiyyətçiləri arxiv fondlarının mühafizəsi üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydalara əməl etməlidirlər.

Maddə 11. Milli arxiv fondu sənədlərinin qeydiyyatı

Milli arxiv fondunun sənədləri mülkiyyət formasından və mühafizə yerindən asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınır.

Maddə 12. Milli arxiv fondunun külliyyatı

Milli arxiv fondunun külliyyatını dövlət arxivləri hazırlayırlar. Azərbaycan Respublikasının hüquqi şəxsləri Milli arxiv fondunun külliyyatı üçün müvafiq məlumatları hər il müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər.

Vətəndaşların tarixi və mədəni dəyəri olan sənəd fondları və kolleksiyaları Milli arxiv fondunun külliyyatına onların razılığı ilə daxil edilə bilər.

IV fəsil

ARXİV İŞİNİN İDARƏ OLUNMASİ

Maddə 13. Arxiv işinə dövlət idarəetməsi

Azərbaycan Respublikasında arxiv işinə dövlət idarəetməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

Maddə 14. Aşkar edilmiş və ya tapılmış arxiv sənədlərinin və sənəd kolleksiyalarının təhvil verilməsi

Təsadüfən aşkar edilmiş və ya tapılmış arxiv sənədləri və sənəd kolleksiyaları barədə onu tapan şəxs tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilməlidir. Onları aşkar edən və ya tapan şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada mükafatlandırılır.

Həmin sənədlər və kolleksiyalar qanunvericilikdə müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınır.

Maddə 15. Azərbaycan Respublikasında arxiv xidməti

Azərbaycan Respublikasında arxiv işinin həyata keçirilməsi, Milli arxiv fondunun formalaşdırılması, mühafizəsi və istifadəsi məqsədi ilə arxiv və kargüzarlığın vahid dövlət sistemini birləşdirən dövlət arxiv xidməti yaradılır.

Maddə 16. Milli arxiv fondunun sənədlərindən istifadə qaydaları

Azərbaycan Respublikasının bütün hüquqi və fiziki şəxsləri dövlət arxiv fondu sənədlərindən istifadə etmək hüququna malikdirlər. Mühafizə müddətindən asılı olmayaraq dövlət arxiv fondu sənədlərindən istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Qeyri-dövlət arxiv fondunun sənədlərindən onların mülkiyyətçilərinin razılığı ilə istifadə oluna bilər.

Tərkibində dövlət sirri olan arxiv sənədlərindən istifadəyə, qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, onların yaranmasından 30 il sonra icazə verilir. Bu müddət müvafiq icra hakimiyyəti orqanının rəyi ilə uzadıla bilər. [3]

Vətəndaşların şəxsi və ailə həyatı haqqında informasiya daşıyıcıları olan arxiv sənədlərinin istifadə edilməsinə, qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, həmin sənədlərin yaranmasından 75 il sonra və ya şəxsin vəfatından 30 il sonra və ya ölüm faktı müəyyənləşdirilməyibsə, həmin şəxsin doğum tarixindən 110 il sonra icazə verilir. Bu müddətdən tez həmin sənədlərdən istifadəyə yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda icazə verilir.[4]

Milli arxiv fondu sənədlərinin istifadəsi zamanı müəlliflik hüququ barədə qanunvericiliyin tələbləri yerinə yetirilməlidir.

Arxiv sənədlərinin və sənəd kolleksiyalarının saxlanılması, qeydiyyatı və ya onlardan istifadə olunması qaydalarına əməl edilməməsi qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. [5]

Maddə 17. Arxivlərin maliyyələşdirilməsi

Arxivlər mülkiyyət formasından asılı olaraq dövlət büdcəsi, yerli büdcə və mülkiyyətçinin vəsaitləri hesabına maliyyələşdirilir.

Dövlət büdcəsindən maliyyələşdirilən arxivlərin qanunvericiliklə qadağan edilməyən digər mənbələrdən daxil olan vəsaitləri bütövlükdə dövlət büdcəsinə köçürülür. [6]

Maddə 18. Arxiv işçilərinin sosial müdafiəsi

Dövlət arxivləri işçilərinin sosial müdafiəsinə dövlət tərəfindən təminat verilir. Onların sosial müdafiəsi “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinə əsasən həyata keçirilir.

Dövlət arxivləri işçilərinin əmək haqları arxiv işi sahəsində müvafiq icra hakimiyyəti orqanında çalışan işçilərin vəzifə maaşlarına bərabər tutulur.

Maddə 19. Qeyri-dövlət arxiv fondlarına dövlət himayəsi

Qeyri-dövlət arxiv fondlarının komplektləşdirilməsinə, mühafizəsinə və onlardan istifadə edilməsinə dövlət yardım göstərir.

Milli arxiv fondunun tərkibinə daxil edilmiş və dövlət qeydiyyatına alınmış qeyri-dövlət arxivlərinin və arxiv sənədlərinin, eləcə də sənəd kolleksiyalarının mülkiyyətçiləri öz arxivlərini mühafizə, bərpa və sənədlərin surətlərinin çıxarılması üçün dövlət arxivlərinə verə bilərlər.

Maddə 20. Arxiv işində ictimaiyyətin iştirakı

Dövlət və qeyri-dövlət idarə, müəssisə və təşkilatları, vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər və əcnəbilər, o cümlədən xarici ölkələrin vətəndaşları olan azərbaycanlılar arxiv fondlarının zənginləşdirilməsi, arxiv xidmətinin təkmilləşdirilməsi və arxiv işi üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsində iştirak edə bilərlər.

V fəsil

YEKUN MÜDDƏALARI

Maddə 21. Beynəlxalq əməkdaşlıq

Dövlət arxiv xidməti müəssisələri, dövlət və qeyri-dövlət arxiv fondu sənədlərinin sahibləri olan hüquqi və fiziki şəxslər beynəlxalq arxiv təşkilatlarına daxil olmaq, beynəlxalq konfranslarda və digər tədbirlərdə iştirak etmək, beynəlxalq əlaqələr yaratmaq hüququna malikdirlər.

Maddə 22. Milli arxiv fondu sənədlərinin xaricə müvəqqəti aparılması

Milli arxiv fondu sənədlərinin orijinal və ya onları əvəz edən nüsxələrinin xaricə aparılması qadağandır.

Beynəlxalq əməkdaşlıq məqsədi ilə sənədlərin və kolleksiyaların xaricə müvəqqəti aparılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

Maddə 23. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun pozulmasında təqsirli olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

 

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 22 iyun 1999-cu il
№ 694-IQ

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 1.  22 noyabr 2002-ci il tarixli 382-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 706)

2.  30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57)

3.  5 mart 2004-cü il tarixli 597-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 199)

4.  23 dekabr 2005-ci il tarixli 32-IIIQD  nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 64)

5.  20 oktyabr 2006-cı il tarixli 167-IIIQD  nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1005)

6. 29 dekabr 2006-cı il tarixli 220-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 4)

7.  28 aprel 2009-cu il tarixli 803-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 may 2009-cu il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 05, maddə 308)

8.  31 may 2010-cu il tarixli 1017-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 iyul 2010-cu il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 7, maddə 579)

9.  21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti,  18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71)

10. 01 oktyabr 2012-ci il tarixli 426-IVQD Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 15 noyabr 2012-ci il, № 254)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71) ilə 6-cı maddəsinin ikinci hissəsinin beşinci abzasında “tədris” sözü “təhsil” sözü ilə əvəz edilmişdir.

 [2] 5 mart 2004-cü il tarixli 597-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 199) ilə 8-ci maddənin üçüncü hissəsində "milli təhlükəsizlik" sözlərindən sonra ",sərhəd xidməti" sözləri əlavə edilmişdir.

 29 dekabr 2006-cı il tarixli 220-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 4) ilə 8-ci maddəsinin üçüncü hissəsində "sərhəd xidməti ," sözlərindən sonra "penitensiar xidmət, " sözləri əlavə edilmişdir.

28 aprel 2009-cu il tarixli 803-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 may 2009-cu il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 05, maddə 308) ilə 8-ci maddəsinin üçüncü hissəsində "penitensiar xidmət," sözlərindən sonra "xarici işlər," sözləri əlavə edilmişdir.

 31 may 2010-cu il tarixli 1017-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 iyul 2010-cu il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 7, maddə 579) ilə 8-ci maddəsinin üçüncü hissəsində "sərhəd xidməti," sözlərindən sonra "miqrasiya xidməti," sözləri əlavə edilmişdir.

 01 oktyabr 2012-ci il tarixli 426-IVQD Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 15 noyabr 2012-ci il, № 254) ilə 8-ci maddəsinin üçüncü hissəsində “daxili işlər” sözlərindən sonra “, fövqəladə hallar” sözləri əlavə edilmişdir.

 [3] 23 dekabr 2005-ci il tarixli 32-IIIQD  nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 64) ilə 16-cı maddəsinin üçüncü hissəsinin ikinci cümləsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Bu müddət, müstəsna hallarda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən dəyişdirilə bilər.

[4] 20 oktyabr 2006-cı il tarixli 167-IIIQD  nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1005) ilə 16-cı maddəsinin dördüncü hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Vətəndaşların şəxsi həyatı (onların sağlamlığı, ailə və intim həyatı, əmlak vəziyyəti) haqqında informasiya daşıyıcıları olan arxiv sənədlərinin istifadə edilməsinə, qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, həmin sənədlərin yaranmasından 75 il sonra icazə verilir. Bu müddətdən tez həmin sənədlərdən istifadəyə vətəndaşın özünün, onun ölümündən sonra isə varislərinin razılığı ilə icazə verilir.

 [5] 30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57) ilə 16-cı maddənin altıncı hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Fiziki və hüquqi şəxslər arxiv sənədlərindən və sənəd kolleksiyalarından istifadə qaydalarına əməl etməməyə görə qanunvericilikdə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

[6] 22 noyabr 2002-ci il tarixli 382-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 706) ilə 17-ci maddəsinin mətni yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

 Arxivlər mülkiyyət formasından asılı olaraq dövlət büdcəsindən, yerli büdcələrdən, mülkiyyətçinin vəsaitləri, habelə özlərinin fəaliyyətindən əldə edilmiş gəlirlər və qanunvericilikdə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.